Həkim: "Qonşumuz öldü, gözlərini yumdum, az sonra gördüm ki, kolbasa-çörək yeyir" - REPORTAJ

Bakı sakinləri tıxacın əlində hər gün əsir -yesir olur, desək yəqin ki, kobud qarşılanmaz. Hələ havaların bir az yağışlı olması, ya da hansısa yolun qazılması ərazidəki tıxacın miqyasını daha da artırır. Bu yerdə alternativ yol anlayışı da köməyə gəlmir. Vəziyyət adi vətəndaşlar üçün nə qədər çətindirsə, öz peşə borcunu yerinə yetirən təcili yardım, yanğınsöndürənlər üçün daha çətindir. Saatlarla davam edən tıxaclarda ləngiyən təcili yardım maşınları onlarla xəstənin vəziyyətinin ağırlaşması deməkdir. Bakının 11 rayonu üzrə 20 stansiya fəaliyyət göstərir ki, bunlarda 135 həkim çalışır.

 

"Xəstənin vəziyyəti ağırdır, təcili gəlin". Bunu 103 xidmətini yığan təxirəsalınmaz Tibbi Yardım Stansiyası Mərkəzi Dispetçer Xidmətinə Bakı sakini deyir. Müraciət Yasamal rayonundan gəlib. Bu səbəbdən dispetçer xanım çağırış ünvanını və xəstənini kimliyi barədə məlumatı Yasamal rayon təcili yardım xidmətinin briqadasına verir.

 

Cavanşir Nəsibov 1974-cü ildən Təcili Tibbi Yardım stansiyasında səyyar həkim vəzifəsində çalışıb. Həkim APA TV-nin əməkdaşına deyir ki, əvvəllər çağırışlara vaxtında gedib-gəliblər, ancaq indi maşınların çoxluğundan xeyli zaman itirirlər: "Əsasən, saat 4-8 arasında tıxac olur. İmkan olanda da yol vermirlər".

 

Baxmayaraq ki, çağırışlar yolda olarkən dispetçerlər vasitəsilə həkimlərə ötürülür, həkim yardıma zamanında yetişə bilmədiklərini deyir. Amma bəzən də sürücülərin səhlənkarlığı üzündən təcili tibb yardım maşınları yardıma gecikir. Buna görə həkim hesab edir ki, ya təcili yardım maşınları üçün xüsusi zolaq ayrımaq, ya da sürücülərə təcili yardım maşınlarına yol vermək mədəniyyətini öyrətmək lazımdır.

 

Fürsət düşmüşkən həkim işlədiyi müddət ərzində başına gələn maraqlı əhvalatları da danışır: "Təxminən 20 il bundna öncə idi, mən evdə oturmuşdum. Uşaqlar gəldi ki, qonşuda Tosya adınada qadın var onun halı xarabdır. Gəldim gördüm, Tosyada həyat əlamətləri yoxdur. Tənəffüs yox, reflekslər yox. Dedim, Tosya ölüb. Çarpayıya qoyduq, üzünü örtdük. Dedik, həkim çağıraq ki, ölüm faktını təsdiq etsin. Mən işdə deyildim. Həkim gəldi, ölüm faktını təsdiq etdi. Üstündən 40 dəqiqə keçmişdi qonşu yenə gəldi ki, bəs Tosya dirilib. Gedib baxanda görürəm ki, Tosya kolbasa çörək yeyir".

 

Stansiyanın rəhbəri Natiq həkim əməkdaşlarını tərifləyirCavanşir həkim deyir ki, bu iş ağır zəhmət tələb edir. Bəzən xəstə sahiblərinin kobudluğu ilə də üzləşirlər. Buna baxmayaraq, həkim peşəsini sevdiyini bildirir. O deyir ki, təcili yardım həkimlərinə qarşı olduqca kobud davranışlara da məhz peşəsini sevdiyi üçün səbirlə yanaşır: "Elə olur 5 dəqiqəyə çatırıq. Amma deyir, hardasınız, bir saatdır, gözləyirik. Sakinlər yoldakı tıxac problemini də nəzərə almırlar. Elə hallar da olur ki, deyir, sağaltmasan, sizi burdan buraxmarıq. Ya da ki, xəstə artıq 10-15 dəqiqədir ölüb, deyir, sağaldın".

 

Həkim dəfələrlə sakinlərin hücumlarına məruz qaldıqlarını deyir. Bu üzdən hər çağırışda başlarına bir hadisə gələcəyini hadisə yerinə getməmişdən öncə gözə alırlar ki, baş verə biləcəkləri səbrlə qarşılasınlar: "Bir çağırışa getdik. Beton yer idi. Orda ayaqqabılarımızı çıxardıq. Birdən evin xanımı üstümüzə hücum çəkdi. İkimizin də ayaqabılaırnı götürüb atdı. Dedik ay bacı qoy bir xəstəyə baxaq. Ağzına gələni dedi bizə".

 

Tıxacdan söz düşmüş biz hələ də yolda ilişib qalmışıq. Təcili yardım sürücüsü yol verilməsini xahiş etsə də, sürücülər buna məhəl qoymur. Həkimlə yenə söhbətə davam edirik. O, təcili tibbi yardıma aldadıcı zənglər əlindən təngə gəldiklərini deyir. Onu da əlavə edir ki, indi bu kimi hallarla bağlı problem aradan qalxıb: "Kimsə kimə ya sataşmaq üçün, ya zarafat üçün zəng edib çağırırdı. Gedib görürdün 90 yaşlı qadındır. Çağırışa səbəb onun hamilə olmasıdır. 90 yaşında qarıdır haaa".

 

Avropa ölkələrində təcili yardım maşınlara yol verilir, amma Azərbaycanda bu məsələ problem olaraq, qalır.

 

Əslində hərəkət zamanı təcili yardım maşınları üçün yol açıq olmalıdır. Bu, sürücülük vəsiqəsi almaq üçün təhsil alan hər bir şəxsə öyrədilir. Ancaq gördüyünüz kimi, artıq bir neçə müddətdir, təcili yardım maşını çağırılan ünvana gəlməkdə çətinlik çəkir. Çünki Bakı küçələrində nə təcili yardım maşınları üçün xüsusi zolaq var, nə də sürücülərdə təcili yardım maşınlarına yol verəcək vərdiş...

 

Xeyli vaxtdna sonra çağırılan ünvana çatdıq. Bəlkə də şükür etmək lazım idi ki, o qədər ciddi problem olmadı. Amma nəticəsi ağır ola bilərdi. O halda gecikmənin nələrə səbəb olcağını təsəvvür etmək yəqin ki, çətin deyil.

 

Müəllif | Apa.Tv