Neft birja həftəsini yüksək qiymətlərlə başa vurdu
Həftənin son ticarət sessiyasında "Brent" markalı neftin qiyməti 64,55 dollar təşkil edib. APA TV-nin məlumatına görə, bu, həmçinin son 24 saat ərzində qeydə alınan ən yüksək qiymətdir. ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair hesabat açıqlanan ərəfədə qiymətlər 63,26 dollara ensə də, hesabatdan sonra neft 1,3 dollar bahalaşıb.
Analoji tendensiya Qərbi Texas neftinin qiymətində də müşahidə olunub. Hesabat ərəfəsində WTİ nefti 60,30 dollar olsa da, hesabatdan sonra 1,2 dollar bahalaşıb və son ticarət sessiyasında bu markadan olan neft 61,47 dollar təşkil edib.
"Baker Hughes" konsaltinq şirkətinin hesablamalarına görə, ötən həftə ABŞ-da hasilata cəlb olunan neft buruqlarının sayı 1 vahid artaraq 800 ədədə çatıb. Bu, bir il əvvəlki göstəricidən 191 vahid artıqdır. Artımın proqnozlardan aşağı olması, həmçinin yataqların istismar xərclərinin artması hasilatın səviyyəsinə mənfi təsir göstərir. Hesablamalara görə, yeni texnologiyaların tətbiqinə rəğmən, yerləşdiyi sahədən asılı olaraq, bir barel şist neftinin hasilatı 40-50 dollara başa gəlir.
Birjalar fəaliyyətini bazar ertəsi, Bakı saatı ilə 03.30-da bərpa edəcəklər. Proqnozlara görə, ilk seanslarda neftin qiymətinin nisbətən bahalaşacağı gözlənilir.