8 şəhidin qisası alındı, Raco PYD/YPG-dən təmizləndi - TERRORÇULAR KƏNDLƏRİ MİNALAYIR

"Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən PYD/YPG terrorçularının sayı 2434-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.


Əməliyyatın 43-cü günüdə TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçüləri Suriyanın şimalındakı ən böyük yaşayış məntəqələrindən - Raconu terrorçulardan təmizləyib.

Qəsəbə mərkəzinə 7 istiqamətdən hücuma keçən TSQ və ASO birlikləri 8 hərbçinin  şəhid olduğu Kəltəpə də daxil, daha iki yüksəkliyi ələ keçirib.

Bundan əlavə iki kənd terrorçulardan geri alınıb. Racoda aşkar olunan iki tunelin girişi və çıxışı nəzarətə götürülüb. Tunellərdə böyük ehtimalla terrorçular gizlənib.

Əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) dəstək verir. Racodakı terrorçu məntəqələrinə Diyarbəkirdən havalanan F-16-lar zərbələr endirib.

Bu arada terrorçuların əlindən qaçaraq Türkiyə sərhədinə sığınmaq istəyən dinc sakinləri daşıyan yük maşını PYD/YPG tərəfindən vurulub. 2 nəfər ölüb, 3 uşaq və bir qadın yaralanıb.

Türk əsgərləri yaralıları Hatay xəstəxanasına çatdırıb. Yaralılar terrorçuların onların kəndlərinin ətrafına mina döşədiyini deyib.

Xatırladaq ki, "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə bu günə qədər Suriyanın şimalında 41 şəhid verib.

 

Müəllif | Apa.Tv
Apa.tv