Ağsuda yalançı müfəttişlər saxlanıldı - DƏLƏDUZLUĞA GÖRƏ
Ağsu rayonunda sahibkarlıq obyektlərində qanunsuz keçirdikləri "yoxlama" adı altında iş adamlarından pul tələb edən şəxslər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu Rayon Polis Şöbəsinə edilən şikayətlər əsasında aparılan araşdırma zamanı məlum olub ki, Vurğun Hidayətov, Mehdi Umudov və Ramazan Kərimov adlı şəxslər “Fakt Araşdırıcı N” MMC adlı təşkilat yaradaraq sahibkarlıq obyektlərində qanunsuz "yoxlama" aparıb.
Onlar Ağsu şəhərində fəaliyyət göstərən sahibkar Cəlal Şahbazova məxsus ət dükanı və Əlvan Həmidova məxsus ərzaq mağazasına daxil olaraq orada işçilərin müqavilələrinin olmamasını, vaxtı keçmiş məhsulların satılmasını bəhanə edərək həmin obyektlərin sahiblərindən öz bank hesablarına hər ay 25 manat pul köçürmələrini tələb edib.
Dələduzluq edən şəxslər sahibkarların pul ödəmədiyi halda aşkar etdikləri nöqsanlar barədə dövlət orqanlarına məlumat verəcəklərini deyərək onlara hədə-qorxu gəlib. Bundan sonra sahibkarlar Ağsu Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər 3 şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.