Lənkəranda iki ailədən 5 nəfər dəm qazından zəhərləndi
Lənkəranda biri uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənib. APA TV-nin cənub bürosunun məlumatına görə, ilk hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.
Şəhər sakini, 16 yaşlı Kazımzadə Sevinc Mahir qızı və onun anası, 48 yaşlı Kazımzadə Elmira Həsənalı qızı hamamda olarkən dəm qazından zəhərlənib. Onlar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki şəxsə ilkin tibbi yardım göstəriləndən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Digər 3 nəfər isə rayonun Balıqçılar qəsəbəsində dəm qazından zəhərlənib. Sadıqova Təhminə Bəxtiyar qızı, onun 6 yaşlı qızı Sadıqova Yaqut Daşdəmir qızı, həmçinin ailənin digər üzvü Sadıqova Tünzalə Saleh qızı ev şəraitində dəm qazından zəhərlənib. Onlar da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstələrin vəziyyətləri hazırda kafi qiymətləndirilir.