Şirvanda keçmiş məhkumun evindən silah-sursat tapıldı

Şirvanda keçmiş məhkumdan silah-sursat götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhərində Mehman adlı şəxsin yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə məlumat daxil olub.

 

Baş İdarə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs –  Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Kamalbəkov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TOZ” 8 markalı tüfəng, 1 ədəd kustar üsulla lüləsi kəsilmiş ov tüfəngi, ona aid 7 ədəd patron və 1 ədəd içərisində 6 ədəd patron olan “Revolver” tipli tapança aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Müəllif | Apa.Tv
Ayşən Əhməd