Azərbaycanlı şagirdlərin oxu bacarıqları yüksəlib

PİRLS 2016 tədqiqatında iştirak edən 4-cü sinif şagirdlərinin nəticələri bəlli olub.

 

APA TV-nin məlumatına görə, oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə dair təqdimatda bildirilib ki, azərbaycanlı şagirdlərin oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 10 bal artaraq, 472 bala yüksəlib: “Bu il Azərbaycan PİSA-2018, 2019-cu ildə isə TİMSS-2019 tədqiqatında iştirak edəcək. Sevindirici haldır ki, 2011-ci ilin nəticələri ilə müqayisədə “mükəmməl” və “yüksək” nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. Aşağı nəticə göstərən şagirdlərin sayı isə azalıb”.

 

PİRLS 2001-ci ildən başlayaraq beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 olaraq müəyyən edilir.

 

PİRLS 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340 000-dən çox şagird, 330 000 valideyn, 16 000 müəllim, 12 000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib.

 

Tədbirdə PİRLS 2016 beynəlxalq tədqiqatının təşkilində, eləcə də oxu bacarıqları üzrə beynəlxalq reytinqdə yüksək nəticələrin əldə olunmasında səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə “Təşəkkürnamə” və Fəxri fərmanı təqdim olunub.

Müəllif | Apa.Tv
Nigar Həsənli