“Libraff” kitab mağazasında ”Könüllük: Uğur formulu" kitabının imza günü keçirilib
“Libraff” kitab satışı mağazasında "Könüllük: Uğur formulu" adlı kitabın imza günü keçirilib. Təqdimat mərasimi TEAS Press Nəşriyyat Evinin dəstəyi ilə baş tutub.
APA TV-nin xəbərinə görə, Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan kitab karyerada uğur qazanmaq istəyən, cəmiyyətdə könüllü olaraq ilk addımlarını atan gənclərə, valideynlərə, təşkilatı fəaliyyətlərinə könüllü cəlb etmək istəyən mütəxəssislərə ünvanlanıb.
Kitab "Libraff" kitab mağazası və "Teas Press" Nəşriyyat Evinin, həmçinin 20 şirkətin dəstəyi ilə könüllülərə pulsuz paylanıb.
Müəlliflərdən Nadir Adilov kitabın könüllərin şəxsi inkişafında böyük faydası olacağını vurğulayıb:
"Könüllük fəaliyyətini bilirsiniz ki, cənab prezident bir hərəkat adlandırıb. Prezidentin diqqəti nəticəsində bu hərəkat tələbələr arasında daha da böyüyüb. Biz də özümüzə mənəvi borc bildik ki, prezidentin başladığı addıma kiçik də olsa, töhfə verək. Bu məqsədlə "Könüllük: Uğur formulu" adlı kitab yazdıq".
Qeyd edək ki, kitabın yayımı və təqdimatı prosesinə Təhsil Nazirliyinin "Bir könüllü" proqramı, “Cavan” Gənclər Hərəkatı, ASAN könüllüləri və "Formula-1" könüllüləri cəlb olunublar.