Azərbaycan mühacirət tarixinə dair unikal sənədlər Bakıda - TARİXİMİZ
Dilqəm Əhməd bir neçə ildir Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan mühacirət tarixinə aid materiallar toplayır. Cümhuriyyətçilər əsasən Türkiyəyə mühacirətə getdiyi üçün araşdırmaçı da əsasən bu ölkədə axtarışdadır.
Bu axtarışların əla nəticəsi də olub. Artıq araşdırmalar nəticəsində hazırlanmış iki kitab hazırdır - "Fərqlilər" və "Mühacirlərin dönüşü": “Bu sənədləri iki il ərzində İstanbul şəhərində əldə etmişik. Bu materiallar üzərində hörmətli professor Ədalət Tahirzadənin nəzarətində tədqiqat apardıq və bu iki kitab ərsəyə gəldi. Bu kitablarda Azərbaycan Cümhuriyyətinə, eləcə də mühacirət tarixinə aid elə fotoşəkillər, tarixi sənədlər, məktublar var ki, onlar ilk dəfədir üzə çıxarılır”.
Tədqiqatçının oxucularla görüşünə, imza gününə Cümhuriyyətimizin qurucusu, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də gəlib: “Dilqəm bəy çox böyük iş görür. Tədrisindən də vaxt ayırır, şəxsi həyatından da vaxt ayırır. Maddi cəhətdən çətinlik çəkir, ancaq mənəvi cəhətdən dəyərli işlər görür. Topladığı sənədlər böyük töhfədir. Xüsusi ilə bu il, Cümhuriyyət ilində böyük töhfədir”.
Hər iki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub: “Məhəmməd Əmin Rəsulzadənin 3 məktubu, imzalı kitabı, eləcə də müxtəlif illərdə çəkilmiş şəkilləri, Əlimərdan bəy Topçubaşovun, Əli bəy Hüseynzadənin, Almas İldırımın məktubları, Mirzəbala Məhəmmədzadəyə, Abbasqulu Kazımzadəyə və digər mühacirlərimizə aid sənədlər bu kitabda öz əksini tapıb”.
Dilqəm Əhməd Cümhuriyyət ili münasibətilə bir neçə kitab nəşr etdirəcək: “Yüzüncü il münasibəti ilə "Mühacirlərin dönüşü" kitabının ikinci cildini nəşrə hazırlayırıq. O kitab 28 may tarixinə kimi çap olunacaq. İkinci cilddə də eyni qaydada son illər İstanbulda əldə etdiyim tarixi materiallar əks olunacaq”.
Qeyd edək ki, hər iki kitab “TEAS Press” Nəşriyyat Evində çap olunub.