Bir ailənin altı üzvü dəm qazından boğuldu - SUMQAYITDA FACİƏ

Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub.

 

Sumqayıt Şəhər Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə 5-ci mikrorayon, 11/18 nömrəli binanın yaşayış yeri kimi istifadə olunan zirzəmisində qeydə alınıb.

 

Həmin evdə yaşayan 1961-ci il təvəllüdlü Rafiq Kamal oğlu Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Yolçu qızı Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

 

Bir neçə gündür ailə üzvlərindən xəbər ala bilməyən, üstəlik, kəskin qoxu hiss edən qonşular ötən gün saat 12:00 radələrində evin qapısını açaraq adları çəkilən şəxslərin meyitlərini aşkarlayıb. Meyitləri evdən həmin vaxt təsadüfən binanın önündən keçən Zakir Ağayev və daha bir nəfər çıxarıb: "Qadın ortada, kişi hamamda idi, qız da divanın üstündə uzanmışdı. Altı nəfər idilər. Uşaqların doqquz, yeddi, bir də səkkiz yaşı vardı. Bir dənə dedilər ki içəridə meyitlər var. Girdilər analiz keçirdilər, sonra biz girdik götürdük".

 

Həlak olan şəxslərin meyitləri Sumqayıt şəhər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə təhvil verilib.

 

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov