Mehriban Əliyeva DSX-nin Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışında iştirak edib

Martın 5-də Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin yeni tədris korpusunun açılışı olub.

 

APA TV xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

 

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məruzə edib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva yeni tədris korpusunun açılışını bildirən rəmzi lenti kəsib və hərbi vətənpərvərlik sinfində I kurs - 5-ci sinifdə təhsil alan kursantlarla görüşüb. Burada təhsil alanlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Azərbaycana ləyaqətli vətəndaş və peşəkar zabit kimi xidmət edəcəklərini deyiblər.

 

Sonra kursantlar Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər.

 

Birinci vitse-prezident kursantlara dərslərində uğurlar, Vətənə layiqli övlad olmaları və gələcəyin peşəkar zabiti kimi yetişmələrini arzulayıb.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasında və formalaşdırılmasında Heydər Əliyev Fondunun mühüm dəstəyi var. Dövlət Sərhəd Xidmətinin tabeliyinə verilənədək oğlanlar üçün açıq tipli xüsusi məktəb kimi fəaliyyət göstərən bu tədris ocağı Fondun təşəbbüsü ilə əsaslı təmir edilərək, zəruri tədris bazası ilə təchiz olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə DSX-nin Xüsusi Məktəbinin açılış mərasimində iştirak edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı