"Azercell" satıldı - BU QİYMƏTƏ

Martın 5-də payları tam olaraq dövlətə məxsus olan "Azerbaijan International Telecom" (AzInTelecom) Məhdud Məsuliyyətli Cəmiyyəti və Niderlandın "Fintur Holdings B.V." şirkəti arasında Türkiyədə təsis edilmiş və "Azercell Telecom" MMC-nin təsisçisi olan "Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş." ("Azertel") şirkətinin 51,3 faiz səhmlərinin alınması barədə müqavilə imzalanıb.

 

APA TV-nin məlumatına görə, bununla da şirkət "Azercell Telecom" MMC-nin nəzarət səhm paketinin yeganə sahibinə çevrilib. 

 

Səhmlərin alınması üçün Niderlandın "Fintur Holdings B.V." şirkətinə 221,687,392.12 avro ödənilib. Göstərilən qiymətin "Azercell Telecom" MMC-nin qiymətləndirilməsi üçün cəlb edilmiş  "Ernst & Young" şirkətinin müəyyən etdiyi qiymət çərçivəsinə uyğun olduğu bildirilir. 

 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada

 "Azercell"də payların özəlləşdirilməsi barədə qərar qəbul edilənədək, "AzİnTelecom" "Azercell"in iştirakçısı qalmaq və "Azercell Telecom" MMC-də korporativ idarəetmə və işgüzar fəaliyyət dəyərlərini qorumaq, yeni nəsil texnologiyaların tətbiqi ilə xidmət keyfiyyətini daha da artırmaq niyyətindədir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd