Elmar Məmmədyarov: "Ermənistanla danışıqlar prezident seçkilərindən sonra davam etdiriləcək"
"Azərbaycana səfərim siyasi məsləhətləşmələrin davam etdirilməsi üçün böyük imkan yaratdı. Bir sıra məsələyə münasibətdə oxşar mövqedən çıxış edirik".
APA TV-nin məlumatına görə, bunu Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Nazir əlavə edib ki, Azərbaycanla münasibətlər həmrəylik, qarşılıqlı dəstək əsasında formalaşır: "Bu, həm də münaqişələrə aiddir. Mərakeş və Azərbaycan hər ikisi təcavüzlə üzləşib. Hər iki ölkə üçün bu vacib məsələdir. Bizim münasibətimiz BMT qətnamələrinə əsaslanır. Mövqeyimiz isə ərazi bütövlüyünün qorunmasına sadiqliyi ifadə edir".
E.Məmmədyarov isə qonağa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlumat verdiyini bildirib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".
Qeyd edək ki, bu gün XİN-də ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının birinci iclası keçirilib. İclasdan sonra iki ölkənin hökumətləri arasında bir sıra sənədlər imzalanıb.