“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi fəaliyyətə başlayıb

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə millət vəkilləri, ictimai xadimlər, Qarabağ müharibəsi iştirakçıları, Milli Qəhrəmanların valideynləri, həyat yoldaşları, dövlət qurumlarının nümayəndələri, eləcə də tanınmış media nümayəndələri iştirak ediblər.

 

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova bildirib ki, yeni qurum sırf hüquqi və iqtisadi maarifləndirmə istiqamətində layihələr həyata keçirəcək. İctimai birliyin fəaliyyəti həmçinin qadınların hüquqları və ictimai məsələləri də əhatə edəcək.

 

İctimai Birliyin yaradılmasında xüsusi rolu olan millət vəkili Qənirə Paşayeva bildirib ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladların valideynləri, həyat yoldaşları da iştirak edir. Bu da təsadüfi deyil. Çünki mərasim həm də 8 Mart - Beynəlxalq Qadınlar günü ərəfəsində onları təbrik etmək məqsədi daşıyır. O, təşkilatın fəallığı ilə seçiləcəyini, vətəndaşların hüquqi və iqtisadi maariflənməsi yönündə mühüm töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

 

Tədbirdə Türkiyədən böyük nümayəndə heyəti, ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı və digərləri iştirak edib.

 

Mərasim bədii hissə ilə davam edib.

Müəllif | Apa.Tv
Nigar Həsənli