İtkin düşmüş 21 yaşlı gəncin meyiti dağlarda tapıldı - CƏLİLABADDA QƏTL
Bir neçə gün bundan əvvəl itkin düşmüş Cəlilabad rayon sakininin meyiti dağlıq ərazidə tapılıb. Onun öldürüldüyü məlum olub.
APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Ləkin kəndində dağlıq ərazidə yerli sakinlər tərəfindən kişi meyiti tapılıb. Sakinlər bu barədə polisə xəbər verib. Hadisə yerinə hüquq-mühafizə orqanları gəldikdən sonra müəyyən edilib ki, meyit itkin kimi axtarışda olan Musalı kənd sakini, 21 yaşlı Nəsirov Sirus İlham oğluna aiddir.
Hadisə şahidlərinin sözlərinə görə, meyitin üzərində döyülmə izləri olub. Ehtimal olunur ki, naməlum şəxs və ya şəxslər onu döyərək qətlə yetirib. Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam edir.
Qeyd edək ki, S.Nəsirov mart ayının 2-də axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb. Yaxınları 3 gün ərzində onu axtarsalar da, tapa bilməyib.