Neftin qiyməti yenə bahalaşdı - SİYASİ VƏ İQTİSADİ SƏBƏBLƏR

Birjalarda neftin qiyməti bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, “Brent” neftinin qiyməti son 24 saat ərzində 85 sent bahalaşıb. Hazırda bu markadan olan neft 65,67 dollara satılır. Bu, ötən həftə birjaların son ticarət sessiyalarında qeydə alınan qiymətdən 1,1 dollar bahadır.

 

Qərbi Texas neftinin qiymətində də bahalaşma müşahidə olunur. WTİ neftinin bir bareli 62,87 dollara təklif olunur.

 

Neftin bahalaşmasına Liviyanın aş-Şarara yatağından neft nəqlinin dayandırılması xəbəri təsir göstərib. Liviya hökuməti həmin yataqda hasilatın dayandırılmasının səbəbini açıqlamır, bununla belə həftə ərzində "aş-Şarara" yatağından hasilatın və neft nəqlinin bərpa olunacağı ehtimalı azdır.

 

Bundan başqa dollar indeksinin aşağı düşməsi də neftin bahalaşmasını təmin edir. İndeksin aşağı düşməsinə prezident Trampın bəyanatı səbəb olub. Donald Tramp ölkəyə alüminium və polad idxalına gömrük rüsumlarının artırılacağını bəyan edib.

 

Bu gün qiymətlərə OPEK-in baş katibi Məhəmməd Barkindonun ABŞ-da şist nefti hasil edən şirkətlərin nümayəndələri ilə görüşü də təsir göstərə bilər. Baş katib şist neftçilərinin qarşısında çıxış edərək kartelin qiymət siyasətinə aydınlıq gətirəcək. 

 

Bu gün uzun fasilədən sonra ilk dəfə olaraq “Brent” və WTİ neft markaları arasında qiymət fərqi 3 dollardan aşağı enib. Bu, ABŞ-da hasil olunan neftə daxili tələbatın artmasıdır. Emal müəssisələrinin maksimum gücdə işləməsi Qərbi Texas neftinə tələbi artırır. Bu amil eyni zamanda ABŞ-ın xaricdən idxal etdiyi neftin həcminə də təsir göstərir.

 

Emal səviyyəsinin və paralel olaraq tələbatın artması ABŞ-ın kommersiya neft ehtiyatlarının azalmasına təsir göstərir. Kuşinqdə anbarlarda saxlanan neft ehtiyatlarının həcminin 2014-cü il səviyyəsinə düşdüyünü iddia olunur. Bu iddiaların doğru olub-olmadığı cümə axşamı ABŞ-ın kommersiya neft ehtiyatlarının həcminə dair hesabatı açıqladıqdan sonra məlum olacaq. Buna qədər isə bu axşam Amerika Neft İnstitutu analoji məsələ ilə bağlı proqnoz xarakterli hesabatını açıqlayacaq.

 

Neft analitikləri isə anbarlarda ehtiyatların artacağını düşünürlər. Aparıcı kütləvi informasiya vasitələrində çalışan analitiklər arasında keçirilən sorğunun nəticələri artıq açıqlanıb. Sorğuya əsasən, ötən həftə ABŞ-ın neft ehtiyatlarının 2,5 milyon barel artacağı gözlənilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı