PYD/YPG 3 ayrı bölgədə mühasirəyə düşdü, pusqu quran 40 terrorçu məhv edildi

"Zeytun budağı" əməliyyatının 46-cı günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2872-yə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.

Bir neçə gün əvvəl 8 türk əsgərinin şəhid olduğu Kəltəpəyə isə Türkiyə bayrağı sancılıb.

Bu arada adı çəkilən yüksəklikdə PYD/YPG-nin ikinci dəfə təxribat törətmək cəhdinin qarşısı alınıb. Ərazidə gizlənən terrorçuların yeri PUA-lar tərəfindən təsbit edilib. Pusqu quran 40 terrorçu zərərsizləşdirilib.

Suriyanın şimalında böyük yaşayış məntəqələrindən Cinderes qəsəbəsinin yaxınlığındakı terror hədəfləri davamlı olaraq hava zərbələri altında saxlanılır.

PYD/YPG-nin mövqelərinin darmadağın edildiyi bildirilir. Hərbçilər və Azad Suriya Ordusu (ASO) döyüşçüləri Cinderes-Afrin yolunu nəzarətə götürüb, ətrafdakı 5 kənd və 4 strateji yüksəklik terrorçulardan təmizlənib. Beləliklə, Cinderes mühasirəyə alınıb.

Eyni anda Afrinin mərkəzinin 5 kilometrliyindəki Şeran qəsəbəsi də mühasirəyə alınıb.

İki gün əvvəl Racodan çıxarılan xeyli sayda PYD/YPG terrorçusu isə Afrinə qayıda bilmədiyi üçün Hatay sərhədinə yaxın Amanos yüksəkliklərində ərazidə mühasirəyə düşüb.

Xatırladaq ki, dünən Raco yaxınlığında baş verən döyüşdə bir neçə türk əsgəri yaralanıb. Onların sayı açıqlanmasa da, yaralılar Hatay xəstəxanasına çatdırılıb.
"Zeytun budağı" əməliyyatının başladığı gündən Türkiyə Suriyanın şimalında 41 şəhid verib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı