Bu gün Od çərşənbəsidir
Bu gün ikinci çərşənbə - Od çərşənbəsidir. APA TV-nin məlumatına görə, xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi tanınır.
Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyir ki, hər çərşənbə 4 müqəddəs ünsürdən birinin adı ilə bağlıdır. Od çərşənbəsi ta qədimdən insanların Günəşə, oda olan inamının təzahürü sayıla bilər. Maraqlıdır ki, öncəki iki çərşənbə ənənəyə uyğun olaraq, hər yerdə eyni vaxtda qeyd olunsa da, od və torpaq çərşənbələri bəzi bölgələrdə fərqli həftələrdə qeyd olunur: “Məsələn, Naxçıvan Muxtar Respublikasında bu gün torpaq çərşənbəsidir. Od çərşənbəsi isə İlaxır çərşənbə kimi qeyd olunacaq. Başqa bölgələrdə də fərqlilik ola bilər. Müxtəlif bölgələrdə düşünürlər ki, birinci su oyanır. Daha sonra torpaq suyu canına çəkir və oyanır. Sonra külək əsir, ağaclar oyanır və sonda Günəşin rəmzi kimi od qalanır və istilik yaranır”.
Bəzi bölgələrdə isə düşünürlər ki, su oyandıqdan sonra od qalanır ki, torpaq isinsin. Sonra da küləklə birgə təbiət oyanır. Qədim insanların oda tapınmasının bir neçə səbəbi olub: “Oda insanlar həm xilasedici vasitə kimi baxırdılar, həm də təmizlik vasitəsi kimi. Od qədimdə insanları vəhşi heyvanlardan, həmçinin soyuqdan qoruyub. Ona görə də qədim türklərdə oda etiqad yüksək səviyyədə olub”.
Od çərşənbəsində geniş yayılmış mərasimlərdən biri “Danatma”dır: “Bu mərasim əsasən gənc oğlanlar tərəfindən həyata keçirilir. Hündür dağın başına toplaşır, od qalayır, səhərə qədər odu sönməyə qoymurlar, odun ətrafında güləşirlər, qurşaq tuturlar. Səhərə yaxın o oddan hərə bir məşəl yandıraraq evlərinə aparır. Kürələri həmin odla yandırırlar. İnanırlar ki, həmin od ilboyu sönməyəcək”.
“Qodu-qodu” adlı mərasim isə Günəşi çağırmaqla bağlıdır. İnsanların bir-biri ilə yardımlaşması məqsədi daşıyan bu mərasim də təəssüf ki, unudulmaqdadır. Unudulmayanlar sırasında isə süfrəyə qoyulan təamları qeyd etmək olar: “Od çərşənbəsi günü Günəşin, odun rəmzi olan şirniyyatlar hazırlanır -şor qoğal, adi qoğal, şəkərbura, paxlava və b. Milli xörəyimiz olan plov süzülür. Ümumiyyətlə, plov bütün yeməklərimizin şahıdır”.
Ruziniz bol, süfrəniz bərəkətli olsun! Od çərşənbəniz mübarək!