Ərdoğan: "BMT-nin atəşkəs qərarı Suriyada işləmir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şərqi Qutada baş verənlərə görə Qərb ölkələrini tənqid edib, BMT-nin qərarının işləmədiyini bildirib: "BMT-də qərar qəbul edirlər. Həyəta keçirilməyən qərarın insanlıq üçün nə xeyri var? Siz insanları aldadırsınız".
Ərdoğan Türkiyə sərhədləri boyunca terror dəhlizinin Əsədlə də razılaşdırılğını, tək hədəfin Türkiyə olduğunu deyib və bildirib ki, Afrində ələ keçirilən silahlar ölkəsinə tuşlanıb: "Bəs dost, müttəfiq, NATO-da bərabər idik?! Rəqqa tərəfindəki neft sahəsi uğrunda döyüşləri saymasaq, Fəratın şərqində də vəziyyət eynidir. Hədəf Türkiyənin ərazi bütövlüyüdür. İstədikləri qədər yalan söyləsinlər, diplomatiya oyunları oynasınlar. Biz gerçəyi görürük".
Türkiyə prezidenti Rusiya və İranla razılaşdırılan məqamlarla yanaşı, fərqli məsələlərin də olduğunu bildirib. O, Türkiyənin bütün ölkələrlə ortaq lahiyələr həyata keçirə biləcəyini, ancaq ölkəsinin həssas olduğu məsələlərə sayğı göstərilməsinin şərt olduğunu qeyd edib: "Sən Yunanıstanın "S-300"ləri gündəmdə olanda səs çıxartmayacaqsan, Türkiyə "S-400" alanda NATO ölkələri üçün bu yanlışdır deyəcəksən".