Milli Məclis məcburi dövlət sosial sığorta amnistiyasını qəbul etdi
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, spiker Oqtay Əsədov sədrlik etdiyi iclasın gündəliyinə 24 məsələ daxil edilib.
Plenar iclasda 13 məsələ bir paketdə müzakirə edilib. Bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial müavinətlər haqqında" qanunlara, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə və Seçki Məcəlləsinə dəyişiklik layihələridir.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.
Seçki Məcəlləsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev Milli Şuranın martın 10-a təyin edilmiş mitinqinə diqqət çəkib. O bildirib ki, seçkiqabağı təşviqat martın 19-da başlayır: “Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlər, mitinq keçirsinlər”.
Q.Həsənquliyev qeyd ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir: “Əks təqdirdə, bu qanun pozuntusu ola bilər”.
Deputat Fazil Mustafa İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını tənqid edib: “Biz müasir dövrdə Molla İbrahimxəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”.
İclasda həmçinin ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini nəzərdə tutan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəyə əsasən, bu, ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.