Lənkəranda 22 ədəd top mərmisi tapıldı
Lənkəranda 22 ədəd top mərmisi tapılıb. APA TV-nin cənub bürosunun xəbərinə görə, mərmilər rayonun Liman şəhəri ərazisində aşkar edilib.
Mərmiləri ərazidə sakinlər aşkar edərək, aidiyyəti qurumlara məlumat verib. Əraziyə cəlb olunan ANAMA-nın Xüsusi Mobil Əməliyyat qrupunun rəhbəri Böyükağa Haqverdiyevin sözlərinə görə, oradan ümumilikdə 22 ədəd top mərmisi tapıblar: "Dünən ANAMA-ya mərmilərin aşkar olunması ilə bağlı məlumat daxil olub. Tapşırıq əsasında Xüsusi Mobil Əməliyyat qrupu əraziyə gələrək axtarış işlərinə başlayıb, sakinlər tərəfindən aşkar olunmuş 122 mm-lik top mərmisi tərəfimizdən götürülüb, axtarış işləri davam etdirilərək əlavə olaraq 3 ədəd eyni markada top mərmisi aşkar edilib".
Axtarışlar növbəti günlərdə də davam etdiriləcək. İşlər tam olaraq yekunlaşdıqdan sonra isə mərmilərin zərərsizləşdirilməsinə başlanacaq. Məlumata görə, ərazidə sovet dövründə hərbi hissə yerləşib. Bu mərmilər də həmin vaxtdan qalıb: "Ərazidə Nazirlər Kabinetinin tapşırığı olarsa, təmizlik işləri aparılacaq. Yerli icra hakimiyyəti tərəfindən müraciət olunacaq. Yerli sakinlərlə maarifləndirmə işləri aparılmış ərazidə hər hansı bir təsərrüfat işlərinin görülməsi qadağan edilib. Tapılmış sursatlar Rus hərbi birləşmələri tərəfindən atılıb. Məlumata əsasən 20 il ərzində ərazidə çoxsaylı sursatlar aşkar olunub".
ANAMA-nın Xüsusi Mobil Əməliyyat qrupunun rəhbəri Böyükağa Haqverdiyevin sözlərinə görə, bu günə qədər Lənkəran rayonunda 300-dən çox mina, 1000-dən çox isə müxtəlif növ sursat zərərsizləşdirilib.