MTRŞ: Veriliş tamaşaçını qane etmirsə, kanalı dəyişsin

"Bütün televizya kanallarını bir ötürücü ilə yayımlamaqla xərclər azalacaq. Rəqəmsal yayıma keçdikdən sonra telekanalar ötürücülərin qiymətlərinin aşağı salınmasını istəyir. Yəni "Tele-radio" İstehsalat Birliyi bir qiymət müəyyən edir kanallar başqa bir qiymət təklif edir. Güman edirəm ki, bu məsələdə son sözü Tarif Şurası deməlidir".

 

APA TV-nin xəbərinə görə, MTRŞ-nın sədr müavini Qafar Cəbiyev bildirib ki, "Tele-radio" İstehsalat Birliyi ilə yayımçılar arasında (tarif) qiymətlər məsələsində fikir ayrılıqları var.

 

O deyib ki, Milli Televiziya və  Radio Şurası qanunvericiliyə əsasən, telekanalların yaradıcılıq fəaliyyətinə müdaxilə etmir. Yaradıcılıq fəaliyyəti hər bir teleradio şirkətinin öz işidir. O qeyd edib ki, tamaşaçı olaraq, bəzi televerlişlərin səviyyəsi onları da qane etmir: "Hansısa veriliş tamaşaçını qane etmirsə, yaxşı olar ki, həmin vətəndaş kanalı dəyişsin. Televiziyalar ailə-məişət məsələsi qabardılan proqramlarla bağlı mövcud problemlər haqqında düşünməlidir".

 

Q.Cəbiyev bəzi televiziya verilişlərində sponsorların təbliğ edilməsinə geniş yer ayrılması məsələsinə münasibət də bildirib. O deyib ki, bu məsələ bilavasitə MTRŞ-nın fəaliyyət dairəsinə aid olan məsələdir.

 

MTRŞ rəsmisi onu da qeyd edib ki, telekanallarda uşaq verilişlərinin həcmi və keyfiyyəti artırılmalıdır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova