Ərdoğan Putinə təcili zəng edib - SURİYADA SON VƏZİYYƏTLƏ BAĞLI
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, prezidentlər Suriyanın Şərqi Quta bölgəsində yaranmış böhranı müzakirə ediblər.
Dövlət başçıları BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsinə uyğun olaraq atəşkəsin təmin edilməsi istiqamətində göstərilən səylərin və bölgəyə humanitar yardımların çatdırılması üçün lazımi şəraitin yaradılmasının vacibliyini qeyd ediblər.
Telefon danışığı zamanı Ərdoğan Putini Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində apardığı əməliyyat barədə məlumatlandırıb. Prezidentlər həmçinin ikitərəfli əlaqələri, habelə apreldə İstanbulda Suriyaya dair Rusiya-Türkiyə-İran sammitinin hazırlıq mərhələsini müzakirə ediblər.
Ərdoğan həmçinin Suriyada 39 hərbçinin ölümü ilə nəticələnən "AN-26" hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı Putinə başsağlığı verib.