ABŞ-ın ehtiyatları kəskin artıb, neft ucuzlaşır
Amerika Neft İnstitutunun açıqladığı proqnoz xarakterli hesabat neftin qiymətini ucuzlaşdırıb. Hesabata əsasən, ötən həftə Birləşmiş Ştatların kommersiya neft ehtiyatlarının həcmi rekord həddə - 5,66 milyon barel artıb. Bir gün əvvəl aparıcı neft analitikləri arasında keçirilən sorğunun ümumiləşdirilmiş nəticələrinə görə, ehtiyatların cəmi 790 min barel artacağı proqnozlaşdırılırdı.
Ehtiyatların kəskin artdığına dair proqnozlar neftin ucuzlaşmasına səbəb olub. Hesabatdan əvvəl “Brent” neftinin qiyməti 66,06 dollar həddinə qalxsa da, bu gün keçirilən ticarət sessiyalarında qiymətlər 65,21 dollara enib. Qərbi Texas neftinin bir bareli isə 62,05 dollardan təklif olunur.
Qiymətlərin ucuzlaşmasına Ağ Evin iqtisadi məsələlər üzrə müşaviri Qeri Konun istefasından sonra ticarət müharibələrinin başlayacağı ehtimalı da təsir göstərib. İstefa xəbərindən sonra Qərbi Texas neftinin qiymətində “Brent” neftinə nisbətən daha çox ucuzlaşma qeydə alınıb.
ABŞ Energetika Nazirliyi ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair rəsmi hesabatı bu axşam açıqlayacaq. Əgər proqnozlar özünü doğrultsa, həftə sonuna kimi neftin qiymətinin 63 dollaradək ucuzlaşacağı gözlənilir.