Bakıda mənzil oğrusu narkotiklə tutuldu
Paytaxtda mənzil oğrusu yaxalanıb. Amma cinayət başında yox, narkotiklə.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbə sakini Seymur Zeynalov saxlanılıb.
Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 16,415 qram narkotik vasitə olan heroin aşkar edilib. Axtarış tədbirlərinin davamı olaraq S.Zeynalovun əlindəki çantadan 2200 avro, 246 manat, habelə 30 ədəd qapı açarı və 7 ədəd müxtəlif növ medal müəyyən olunaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış keçirilən zaman isə əlavə olaraq orada gizlətdiyi 2 kiloqram 250 qram heroin də aşkar olunub.
Saxlanılan şəxs ifadəsində Sabunçu, eləcə də digər rayonların ərazilərində silsilə mənzil oğurluqları törətdiyini və üzərindən aşkar olunan pul və qiymətli əşyaları həmin cinayətlər nəticəsində ələ keçirdiyini bildirib.
Araşdırmalar davam etdirilir.