Bakıda gözətçini qətlə yetirən keçmiş məhkum tutuldu
Bakıda törədilən qətlin üstü açılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, martın 4-də paytaxtın Nizami rayonunun Qara Qarayev prospektində baş verən dava zamanı naməlum şəxs paytaxt sakini Yaşar Məmmədova bıçaqla xəsarət yetirərək onu qətlə yetirib. Həmin şəxs daha sonra hadisə yerindən yayınıb.
Hadisə barədə məlumat daxil olan kimi Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşları həmin şəxsin axtarışlarına başlayıblar. İsti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq təqdim olunub.
25-ci Polis Bölməsinin baş təhqiqatçısı Bakir Aslanov bildirib ki, həmin cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, Nizami rayonunda kirayədə yaşayan, əvvəllər məhkum olunmuş Amin Kazımov saxlanılıb.
Qeyd edək ki, hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Y.Məmmədovla həmin ərazidə kirayə yaşayan A.Kazımov arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Hadisənin baş vermə anı həmin ərazidə quraşdırılan kameralar vasitəsilə lentə alınıb. Mübahisə zamanı saxlanılan şəxs Y.Məmmədova 7 bıçaq zərbəsi vurub. Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı 25-ci Polis Bölməsində toplanan material Nizami Rayon Prokurorluğuna göndərilib. Faktla bağlı cinayət işi başlanılıb və A.Kazımov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.