MSK-nın "Seçki-2018" Müstəqil Media Mərkəzi fəaliyyətə başladı
"Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar".
APA TV-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.
O qeyd edib ki, belə hallar qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları - onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.
Qeyd edək ki, bu gündən aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçki-2018" Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb. Tədbirdə MSK sədri Məzahir Pənahov, MSK üzvləri və MSK Katibliyinin təmsilçiləri iştirak ediblər. "Seçki-2018" Müstəqil Media Mərkəzində yaradılmış şəraitlə tanış olan MSK sədri yerli və beynəlxalq KİV-in asanlıqla məlumat əldə etmələri, habelə digər seçki prosesi iştirakçılarına daha keyfiyyətli və səmərəli xidmət göstərmək üçün öz tövsiyələrini də verib.
Media Mərkəzinin yaradılmasında məqsəd seçkiləri geniş, operativ və obyektiv işıqlandırmaq, eləcə də seçkilərdə şəffaflığın təmin edilməsi üçün yerli və beynəlxalq KİV nümayəndələrinə seçkilərlə bağlı məlumat əldə etməkdə və operativ şəkildə ictimaiyyətə çatdırmaqda yardım göstərməkdir. Prezident seçkiləri dövründə 24 saat ərzində fəaliyyət göstərəcək "Seçki-2018" Müstəqil Media Mərkəzi mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün də açıqdır. Prezidentliyə namizədliyi qeydə alınmış namizədlər öz seçkiqabağı təşviqat materiallarını Mərkəzdə yerləşdirə bilərlər.
"Seçki-2018" Müstəqil Media Mərkəzinin www.secki-2018.az internet səhifəsi də artıq Azərbaycan, rus və ingilis dillərində mütəmadi fəaliyyət göstərir. Bu səhifədə seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri. açıqlama və bəyanatlar yerləşdirilir, həmçinin seçkilərlə bağlı foto və videogörüntülər təqdim edilir.