Türkiyə ordusu mühasirəyə aldığı qəsəbəyə girdi: terrorçular Afrin ətrafında xəndəklər qazır

"Zeytun budağı" əməliyyatının 47-ci günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2940-a çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.


Afrinin böyük yaşayış məntəqələrindən hesab olunan və iki gündür mühasirədə saxlanılan Cinderes qəsəbəsində küçə döyüşləri şiddətlənib. Terrorçuların mövqelərinə top və tanklardan başqa, hava zərbələri də endirilib.


Cinderesdə mühasirəyə düşən terrorçuların Afrinlə əlaqəsi kəsilib. Dünən mühasirəyə alınan Şeran qəsəbəsi isə artıq tam nəzarətə götürülüb. Bundan başqa Cinderes yaxınlığında 2, Şeron yaxınlığında isə 5 kənd terrorçulardan təmizlənib. Bu uğurlu əməliyyat nəticəsində TSQ və Azad Suriya Ordusu (ASO) döyüşçüləri Afrinin mərkəzinin 5 kilometrliyində mövqe tutub.


Təmizlənən kəndlərdən birində PYD/YPG-yə aid şəkər anbarları aşkarlanıb.


Terrorçuların anbarlarda saxlanılan şəkər növlərini xalqa çox baha qiymətə satdığı məlum olub.


Anbarları ələ keçirən Türkmən birlikləri 300 ton şəkəri sakinlərə pulsuz paylamağa başlayıb.

PYD/YPG isə Afrin ətrafında dərin xəndəklər qazmağa və süni torpaq təpələr düzəltməyə başlayıb.

Bu arada Menbiçdən və digər bölgələrdən Afrinin mərkəzinə 1700 terrorçunun daşındığı ortaya çıxıb.

 

5 gün əvvəl 8 türk əsgərinin şəhid olduğu döyüşdə yaralanan bir hərbçi isə xəstəxanada keçinib. Bununla da Türkiyənin "Zeytun budağı" əməliyyatı çərçivəsində verdiyi şəhid sayı 42-yə yüksəlib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı