Putin yenə hədələdi: "Rusiyanın olmadığı bir dünya niyə mövcud olsun ki?"
Rusiya prezidenti Vladimir Putin ölkəsi ilə Türkiyə arasındakı Suriya razılaşmalarının faydalı olduğunu söyləyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Kreml rəhbəri Türkiyə və İranla əldə olunan razılaşmaların qüvvədə olduğuna diqqət çəkib: "Türkiyə böyük dövlət və bizim qonşumuzdur. Bu ölkə ilə münasibətlərimiz əsrlərə söykənir və biz bu münasibətləri davam etdirməkdə israrlıyıq".
Terrorla mübarizədən danışan Rusiya lideri onunla təkbaşına mübarizənin mümkünsüzlüyünü vurğulayıb və silahın terrorla mübarizədə yeganə vasitə olmadığını deyib.
V.Putin nüvə təhdidləri barədə də danışıb: "Bu, bəşəriyyət üçün qlobal fəlakətdir. Bir Rusiya vətəndaşı və ölkə rəhbəri olaraq soruşuram: Rusiyanın olmadığı bir dünya niyə mövcud olsun ki?"
Dövlət başçısı ölkəsinin nüvə silahından istifadə ehtimalına da toxunaraq, bu addımın suverenliyə təhlükə şəraitində atılacağını qeyd edib: "Bu, çox həssas mövzudur. Fikrimcə, buna heç ehtiyac olmayacaq. Bu addım ancaq real təhlükə, o cümlədən ərazilərimizə raket buraxıldığı təqdirdə atılacaq".