Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası istifadəyə verilib
Martın 7-də Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.
APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə prezident İlham Əliyevə məlumat verib.
Dövlət başçısına Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin mövcud vəziyyəti və son illər rəsmi statistikanın inkişafı sahəsində görülən işlərlə də bağlı məlumat verilib. Bildirilib ki, yeni inzibati binanın istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif ünvanlarda müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşların iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda bu, son illər statistika sistemində aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.
Sonra dövlət başçısı binada yaradılan şəraitlə tanış olub.
Sonda xatirə şəkli çəkdirilib.