Jurnalist xanımlar arasında müsabiqəyə yekun vurulub
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin keçirdiyi müsabiqədə "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, jurnalist-şairə, publisist Telli Pənahqızı və digər şəxslər iştirak ediblər.
Oqtay Səmədov bildirib ki, ötən il dekabrın 8-də elan olunan müsabiqəyə bu il fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxil olub. Yazıların hamısı ilə tanış olduğunu diqqətə çatdıran Oqtay Səmədov deyib ki, müsabiqənin nəticəsi olaraq dərc edilən toplu gələcək araşdırmalar üçün mənbə rolunu oynayacaq.
Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu söyləyən Sona Vəliyeva ötən əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərən “Nina” qız məktəbini, onun təsisçisi Hənifə Məlikovanın fəaliyyətini xatırladaraq, qadınların ölkə həyatında tarix boyu fəal rolundan danışıb: “Bizim qadınlarımızın dünyadakı qadınlardan bir fərqi də onların mübarizliyidir. Vaxtilə çadraya bürünən qadınlar öz sağlamlıqları bahasına, bəzən ölüm təhlükəsi altında maarifçilik ideyalarını yaymaqla məşğul olublar".
Əflatun Amaşov deyib ki, Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin 60 faizi qadınlardır.
Vüqar Səfərli isə müsabiqədə cəmi 26 jurnalistin iştirakından təəssüfləndiyini bildirib.
Tənzilə Rüstəmxanlı qeyd edib ki, Azərbaycan qadını mübarizlik simvoludur.
Vüsalə Mahirqızı isə maarifçi xanımların cəmiyyətdəki rolunun mətbuatda daha geniş işıqlandırılmasının vacibliyinə diqqət çəkib: "Münsiflər heyətinin üzvü kimi yazılarla tanış oldum. Yazılarda cümhuriyyət dövründə maarifçi xanımlarımızın gördükləri işlər, üzləşdikləri əziyyətlər əksini tapıb. Bu yaxşı haldır və düşünürəm ki, tək müsabiqədə yox, daim mətbuatda bu mövzu işıqlandırılmalı, təbliğ edilməlidir”.
Telli Pənahqızı da qeyd edib ki, bu kimi yazıların davam etdirilməsi zərurətdir.
Tədbirdə “Azərbaycanın maarifçi qadınları” toplusu təqdim olunub. Nəşrdə akademik Zərifə xanım Əliyeva, şərqşünas alim Aida xanım İmanquliyeva, Pəri xanım Topçubaşova, Hənifə xanım Məlikova, Şəfiqə xanım Əfəndizadə, Sara xanım Aşurbəyli, Sona xanım Tağıyeva, Məryəm xanım Bayraməlibəyova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.
Sonda qaliblərə mükafatlar təqdim edilib.