Azərbaycan qadınına seçki hüququ verilməsinin 100 illiyi qeyd olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan qadınına seçki hüququ verilməsinin 100 illiyi” münasibətilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib.


APA TV-nin xəbərinə görə, tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar” adlı film nümayiş olunub.


Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirib:


Daha sonra Azərbaycan elminin və mədəniyyətinin inkişafında, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına prezident təltifləri təqdim olunub.


Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, son 26 il ərzində Azərbaycan qadınları milli azadlıq hərəkatı, Qarabağ müharibəsi və dövlət quruculuğunda yaxından iştirak ediblər. Onun sözlərinə görə, dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 29,2 faizdir: "79 rayon icra hakimiyyəti başçısının müavini, 2 səfir, 200 nəfər diplomat, 61 hakim, 26 notarius qadındır".

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, 8 mart - Beynəlxalq Qadınlar Günü qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır:

 

"Ulu öndər Heydər Əliyev istər sovet vaxtı, istərsə də müstəqillik zamanı Azərbaycana rəhbərlik edərkən ölkə sürətlə inkişaf edib. Ümummilli lider Azərbaycan qadınlarının qayğısına qalıb, onları dövlət və hökumət işlərində daima irəli çəkib".


Tədbir bədii hissə ilə davam etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv