Polis və şəxsi avtomobilləri əzib qaçan Masallı sakini narkotik vasitə ilə tutuldu

Masallıda polisə və vətəndaşlara məxsus avtomobillərə zərər vuraraq qaçan şəxs saxlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının ələ keçirdiyi şəxs narkotiklərin qanunsuz dövriyyəsi ilə də məşğul imiş.

27 fevral 2018-ci il tarixdə Masallı şəhər sakini Seyfəddin Hüseynov istifadəsindəki “Land Rover Discovery” markalı avtomobillə Masallı rayonu Mollaoba kəndində olarkən orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olan polis əməkdaşları əməliyyat keçirib. S.Hüseynov polis əməkdaşlarının yaxınlaşdığını görən zaman oların qanuni tələbinə məhəl qoymayıb və avtomobilini polis əməkdaşlarının üzərinə sürüb.

Bu vaxt o, Masallı RPŞ-nin balansında olan “Chevrolet Niva” markalı avtomobili əzərək ətrafdakı insanların, polis əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükə yaradıb. Daha sonra Boradigah qəsəbəsi sakini Natiq Bəşirova məxsus “Mercedes Benz” markalı avtomobili və rayonun Dəmirçi kənd sakini Rüstəm Məmmədovun istifadəsində olan “VAZ 2107” markalı avtomobili əzərək onlara maddi ziyan vurub və ərazidən uzaqlaşıb.

Masallı RPŞ-nin rəis müavini Polad Qarayevin sözlərinə görə, S.Hüseynovun idarə etdiyi avtomobil 2 kilometr aralıda bağlı vəziyyətdə aşkar olunub:

"Avtomobilə baxış keçirilərkən salonun müxtəlif yerlərindən külli miqdarda 5 bükümdə narkotik vasitə olan heroin, 1 bükümdə şəxsi istehlak miqdarından artıq metamfetamin, bir ədəd “beş barmaq” adlanan soyuq silah, beysbol taxtası aşkar edilərək götürülüb. İstintaqdan yayınan S.Hüseynov barəsində axtarış elan edilib və Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq rayon prokurorluğuna təqdim edilib".

S.Hüseynov barəsində rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi də başlanılıb, istintaq tədbirləri davam etdirilir

Müəllif | Apa.Tv
Apa.tv