Qonşusunu öldürüb evini yandıran şəxs: "3 manat istədim, vermədi"

Gəncədə qonşusunu öldürən, daha sonra meyitlə birgə evini yandıran şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Fevralın 27-də Gəncə şəhəri, N.Nərimanov prospektindəki mənzillərdən birində baş verib.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mənzildən meyiti aşkar olunmuş Natella Katiblinin boğaz nahiyəsində kəsiyin olması, qabırğalarının isə sınması müəyyən edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Katiblinin tamah məqsədi ilə boğularaq öldürülməsi, sonradan evinin yandırılması müəyyən edilib.

Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Elçin Mustafayev tutulub. Saxlanılan E.Mustafayev daha əvvəl də 2 dəfə məhkumluq həyatı yaşayıb. Bu cinayəti isə cəmi 3 manat borc pul üstündə törətdiyini etiraf edib.

Onun əməlləri ilə bağlı Gəncə şəhər Prokurorluğunda başlanılan cinayət işinin istintaqı davam edir.

Müəllif | Apa.Tv
Sərxan Kamallı