Səudiyyə vəliəhdi Britaniya kraliçası ilə görüşdü - LONDONDA
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman Birləşmiş Krallığın baş naziri Tereza Mey ilə görüşüb.
APA TV-nin "BBC news"a istinadən məlumatına görə, Misirdən sonra Birləşmiş Krallığa 3 günlük səfər edən vəliəhd baş nazir Tereza Mey və kraliça II Elizabet ilə görüşüb.
Görüş zamanı, əsas müzakirə məsələsi Suriya böhranı və Yəmən müharibəsi olub. Böyük Britaniyanın baş naziri Səudiyyə Ərəbistanının Yaxın Şərq böhranının azaldılması və həllində səyini artıracağına ümid bəslədiyini bildirib.
"Yəmən müharibəsində biz Səudiyyə Ərəbistanını müttəfiq kimi görürük. Yəməndə baş verən hadisələrdən sonra ora humanitar yardımların göndərilməsi olduqca vacib məsələdir. Yəmən limanlarının bir çoxu hələ də terror qruplaşmalarının əlindədir və bu da körfəz gəmiləri üçün olduqca böyük təhlükədir" - deyə Tereza Mey bildirib.
Həmçinin Səudiyyə Ərəbistanında son zamanlarda baş verən bir çox yeniliklərə diqqət çəkən Mey bu hadisələri təqdir edib və gələcəkdə yeni bir Səudiyyə Ərəbistanı görəcəyinə ümid etdiyini vurğulayıb.
Daha sonra vəliəhd Məhəmməd ibn Salman kraliça II Elizabetlə görüşüb və onlar birgə şam ediblər.