BANM tələbələri üçün proqramı BP maliyyələşdirəcək

"Bu cür layihələrə başlayarkən əsas məqsədimiz tələbələrdə kommunikasiya, layihələrin vaxtın idarəolunması və liderlik bacarıqlarının formalaşdırılmasından ibarətdir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BP-nin dəstəyi ilə həyata keçiriləcək "Mühəndislər üçün biznes təhsili" proqramının təqdimat mərasimində deyib.

 

O bildirib ki, nəzərdə tutulan proqramda 5-ci kurs tələbələri biznes və menecment sahələri üzrə geniş və innovativ biliklərə yiyələnəcək.

 

Layihənin əsas parametrləri barədə danışan rektor 11 aylıq müddət və 8 moduldan ibarət proqramın ümumi dəyərinin 180 min manat olduğunu diqqətə çatdırıb.

 

BP-nin regional prezidenti Qəri Counz isə şirkətin təhsil sahəsindəki layihələrdən danışıb. Q.Counz qeyd edib ki, təkcə 2017-ci il ərzində tərəfdaşlarla ilə birlikdə ölkəmizdə sosial layihələrin sponsorluğuna 2 milyon, sosial-investisiya layihələrinə isə 2,4 milyon vəsait xərclənib. Onun fikrincə, analoji layihələr tələbələrin karyera imkanlarının genişlənməsində uğurlu vasitə olacaq: "Təhsil sahəsinə sərmayə yatırılması şirkətimizin əsas prinsiplərindən biridir. Bu, həm də tələbələrin gələcəyinə qoyulan bir kapitaldır. Bakı Ali Neft Məktəbi indiyədək tanış olduğum ən mütərəqqi təhsil ocaqları arasında yer alıb. Ümid edirəm ki, analoji təhsil modulu tələbələrin biznesə sürətli inteqrasiyasına şərait yaradacaq".

 

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə təhsildə nəzəri biliklərlə yanaşı, tələbələrə təcrübə imkanları yaradılmasının mütəxəssis hazırlığında vacib element olduğunu deyib: "Mütəxəssislər çox vaxt istehsalata gələndə müəyyən zəiflik hiss olunur. Məktəbdə, institutda oxumaqla istehsalat həmişə uyğun gəlmir, müəyyən dəyişikliklər olur. Rəhbərlik etmək, insanları idarə etmək, işləri yoluna qoymaq o qədər də asan  deyil. Onlar düz fikirləşirlər ki, bunu gərək II-III kursdan başlasınlar".

 

Tədbirdə bildirilib ki, SOCAR-ın peşə-təlim kurslarında 100 minə yaxın vətəndaş iştirak edib, Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində isə uşaq evlərində tərbiyə almış 100-dən artıq gənc şirkətin peşə-təlim kurslarına cəlb olunaraq, sonradan müvafiq sahələr üzrə işlə təmin edilib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov