Azərbaycan prezidenti Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirib, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb və L.İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

 

L.İzoria isə Gürcüstan xalqının Azərbaycanın dövlət başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. L.İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirib, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirib.

 

Azərbaycanla Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlət başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev öz növbəsində ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı