Əflatun Amaşov: "Dövlət onlayn mediaya da yardım etməlidir"

"Azərbaycan Mətbuat Şurası artıq mətbuatla ictimaiyyət arasında münasibətləri  müsbət məcraya yönəldib". APA TV-nin xəbərinə görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

 

O bildirib ki, bu gün Azərbaycan mediası peşəkar olmaqla yanaşı, milli maraqlardan çıxış edir. Mətbuat Şurasının sədri müasir Azərbaycan jurnalistikasının problemlərinin müxtəlif istiqamətlərdə olduğunu diqqətə çatdırıb.

 

Əflatun Amaşov martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayında müzakirəyə çıxarılacaq mövzulara da toxunub: "Biz qurultayda Azərbaycan mediasının iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik. Bu, reklam bazarının genişləndirilməsi, qəzetlərin satışı ilə bağlıdır, jurnalistlərin peşəkarlığının artırılması ilə əlaqədar təhsilin yenidən qurulması ilə bağlıdır. Eyni zamanda biz mütləq region mətbuatına da diqqət artırmalıyıq. Bu gün region mətbuatında ciddi problemlər var. Yəqin ki, Mətbuat Şurasının müəyyən qanunla tənzimlənməsi də müzakirə olunacaq. Təşkilat komitəsi təklif edəcək ki, Mətbuat Şurasının idarə heyətinin əhatəsi genişlənsin".

 

Əflatun Amaşov onlayn medianın dövlət tərəfindən maliyyələşdirilməsi məsələsinə də diqqət çəkib: "Hazırda ictimai fikrin formalaşmasında əsas rol oynayan onlayn jurnalistikadır.  Çox təəssüflər olsun ki, biz hələ ki, reklam bazarını düzgün qura bilməməyimizdən, həmin media vasitələri reklamdan gəlir əldə edə bilmir ki, bu da bir sıra problemlər yaradır. Nə qədər ki, onlayn media reklamla təmin olunmayıb, o vaxta qədər dövlət tərəfindən onlara da yardım olunmalıdır".

 

Qeyd edək ki, sabah Azərbaycan jurnalistlərinin 7-ci qurultayı öz işinə başlayacaq. Bununla əlaqədar bu gün Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi və KİV nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.  

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova