Bakıda parlament komandaları arası beynəlxalq futbol turniri başlayır

Bu gündən Azərbaycan parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arası beynəlxalq futbol turnirinə start verilir.

 

APA TV-nin xəbərinə görə, turnir iştirakçıları martın 9-da Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Sonra Şəhidlər Xiyabanına gedən turnir iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov jurnalistlərə müsahibəsində bildirib ki, prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən müxtəlif istiqamətdə tədbirlər keçirilir. Bu tədbirlərdən biri də parlament komandalararası beynəlxalq futbol turniridir.

 

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Polşa, Ukrayna, Latviyadan 80-dən çox deputat iştirak edir. Fuad Muradov bunun indiyədək keçirilən ən böyük beynəlxalq turnir olduğunu və ilk dəfə ölkəmizdə təşkil edildiyini deyib. Yarışlar üç gün davam edəcək.

 

Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.

 

Bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Oyunun ardınca Polşa və Türkiyə qarşılaşacaq.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı