Şirvanda magistral kanalizasiya xətti sıradan çıxdı
Şirvanda magistral kanalizasiya xəttində yaranan problem qəzalı vəziyyət yaradıb.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, şəhərin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun hər iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb.
Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların zirzəmilərinə dolub. Özünə yol tapa bilməyən su axını binaların özüllərinə də təhlükə yaradır. Dəfələrlə yolun çökməsi nəticəsində yaranmış xəndəklərə avtomobillər düşüb. Artıq neçənci dəfədir ki, adı çəkilən xətdə qəzalar baş verir. Ətrafda yaşayan sakinlər haqlı olaraq yaranmış problemdən bezdiklərini deyirlər.
Hazırda magistral kanalizasiya xəttində yaranmış qəzalı vəziyyətlə əlaqədar “Azərsu” ASC tərəfindən tədbirlər görülür. Xəqani küçəsinə cəmiyyətin texnikası və işçi qüvvəsi cəlb edilib. Yeni plastik kanalizasiya boruları və beton kanalizasiya quyuları gətirilib. Qəzanın aradan qaldırılmasının yaxın 15-20 gündə yekunlaşacağı bildirilir. Qəza ilə əlaqədar “Azərsu” ASC-nin rəhbər şəxsləri hadisə yerinə gəliblər.
Yaxın aylarda Şirvan şəhərinin kanalizasiya xətləri yenidən qurulacaq. Artıq bu barədə sərəncam verilib və maliyyə vəsaiti ayrılıb.