Bakı yollarında əlillər rahat hərəkət edəcək
Əlillərin, yaşlıların və uşaq arabası ilə hərəkət edən şəxslərin rahat hərəkətini təmin etmək üçün şəhər yollarında xeyli müddətdir panduslar quraşdırılır.
APA TV-nin məlumatına görə, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə işlərini davam etdirir.
Dünya standartlarına uyğun tikilən pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıran və təhlükəsizliyi təmin edən məhəccərlər quraşdırılır.
Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir. Görülən işlərin gedişatı barədə videoçarx hazırlanıb. Əlilliyi olan şəxslər şəhər yollarının onların hərəkəti üçün əlçatan edilməsi istiqamətində həyata keçirilən tədbirləri dövlətin bu kateqoriyadan olan şəxslərə xüsusi diqqət və qayğısının təzahürü olduğunu vurğulayıb.
Qeyd edək ki, Bakı şəhərinin 5 rayonunda ümumilikdə 421 pandusun tikintisi planlaşdırılır. Pandus layihəsinin həyata keçirilməsi, əlilliyi olan şəxslərin, uşaqların və yaşlı insanların küçə və prospektlərin səkilərində rahat hərəkətini təmin edəcək.