ATƏT-in seçkiləri müşahidə missiyası rəsmən fəaliyyətə başlayır
"Biz Azərbaycanla hər zaman uğurlu əməkdaşlıq etmişik. Ümid edirik ki, bu əməkdaşlıq növbəti bir neçə həftədə də davam edəcək".
APA TV-nin məlumatına görə, bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) 11 aprel tarixində keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müşahidə missiyası seçkiləri qiymətləndirəcək, öhdəliklərə nə qədər riayət olunmasını dəyərləndirəcək: "Gələn həftə uzunmüddətli missiya Azərbaycana gələcək. Ekspertlər ATƏT üzvü olan 19 fərqli ölkəni təmsil edir. Qısamüddətli missiya isə seçki günündən bir qədər əvvəl gələcək, səsvermə prosesini izləyəcək. Missiya aprelin axırına kimi davam edəcək, seçki sonrası mühiti də diqqətdə saxlayacaq".
O vurğulayıb ki, Azərbaycan tərəfinin onlara seçkilərin müşahidəsi ilə bağlı dəvəti vaxtında göndərməsi missiyaya seçkidən əvvəlki prosedurları da izləmək imkanı yaradıb: "Müşahidə DTİHB metodologiyasına uyğun aparılacaq. ATƏT üzvü olan bütün ölkələr öhdəlik götürüb ki, seçkilərini ATƏT-in seçki öhdəliklərinə uyğun aparsın. Biz seçkilərə müdaxilə etməyəcəyik. DTİHB seçki polisi deyil, biz seçkilərin nəticəsi ilə maraqlanmırıq. Bizim üçün əsas məsələ seçki prosesinin şəffaf olmasıdır. Uzunmüddətli müşahidə missiyası ümumilikdə 20 nəfərdən ibarət olmaqla, 10 komanda ilə ölkənin bütün regionlarını əhatə edəcək. İlkin olaraq aralıq hesabatı yayacağıq. Yekun hesabat isə seçki prosesi bitdikdən 8 həftə sonra açıqlanacaq".
Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası martın 15-dən fəaliyyətə başlayacaq.