QƏBƏLƏDƏKİ ATIŞMANIN bəzi təfərrüatları məlum olub
Qəbələ rayonunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən silahlı insidentlə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi açılıb. APA TV-nin xəbərinə görə, hadisə Qəbələ şəhərinin mərkəzindəki “Qəbələ” ticarət mərkəzində qeydə alınıb. Qəbələ şəhər sakini 1976-cı il təvəllüdlü Ariz Rəsulzadə əmisi oğlu Rahim Rəsulovun biznes ortağı olan 1968-ci il təvəllüdlü Eldar Kərimovu və onun işçisi, Bum qəsəbə sakini, 1969-cu il təvəllüdlü Vasif Dadaşovu odlu silahla qətlə yetirib. O, “Vinçester” markalı ov tüfəngi ilə atəş açıb. Hadisə zamanı Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Zöhrab Cavadov da güllə yarası alıb. O, Ariz Rəsulzadənin əlindən silahı almağa cəhd edərkən kürək nahiyəsindən güllələnib. Zöhrab Cavadov Qəbələ Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə iş adamları Rahim Rəsulov və Eldar Kərimov arasında mövcud olan biznes sövdələşməsinin pozulması səbəb olub. Eldar Kərimov və Rahim Rəsulov biznes ortağı olublar və 10 ildir ki, “Qəbələ” ticarət mərkəzinə birgə rəhbərlik edib . Sonradan aralarında olan narazılıq səbəbindən bu ortaqlığa son qoyublar. Hər iki şəxs birgə işlətdikləri ticarət mərkəzindəki paylarını bölüşdürmək üçün məhkəməyə müraciət edib. Məhkəmə ticarət mərkəzinin Eldar Kərimovun olması barədə qərar verib. Lakin Rahim Rəsulov məhkəmənin qərarına məhəl qoymayıb. Dekabrın 13-də məhkəmə icraçıları ticarət mərkəzinə gələrək Rahim Rəsulova öz mallarını oradan çıxarmağı tövsiyə ediblər. Bu zaman iki ortaq arasında mübahisə düşüb və Rahim Rəsulovun əmisi oğlu 1976-cı il təvəllüdlü Ariz Rəsulzadə maşınındakı öv tüfəngi ilə Eldar Kərimovu və oradakı daha iki nəfəri güllələyib. Ariz Rəsulzadə ticarət mərkəzinin qarşısında saxlanılıb. O, əmisi oğlu Rahim Rəsulovun Qəbələ şəhərindəki “Bərəkət” ticarət mərkəzinin və Zarağan kəndindəki qida məhsularının topdansatış bazasının mühasibi olub.