Məhəbbət Vəliyeva: "Şagirdlərin məktəbə telefon gətirməsinə heç bir məhdudiyyət qoyulmayıb"
"Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən şagirdlərin məktəbə telefon gətirməsi ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. Uşaqların dərs zamanı mobil telefonlardan istifadə etməsi isə yolverilməzdir".
APA TV-nin xəbərinə görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O qeyd edib ki, dərs zamanı mobil telefonlar yalnız hansısa araşdırma, təhqiqat məqsədilə alternativ vasitə kimi istifadə oluna bilər: "Müəllim bunu tədrisdə araşdırma məqsədilə istifadəsinə yönəldirsə, bunda bir qəbahət yoxdur. Amma təcrübə göstərir ki, telefon qurğularından dərsdə istifadə edən uşaqlar dərsdən yayınırlar, diqqətləri yayınır. O cümlədən də məktəbdə uşaqlar çox tez-tez telefonlardan istifadə etməklə özləri və sinif yoldaşları üçün əlavə problemlər yaradırlar".
Qeyd edək ki, bu gün 20 saylı məktəb-liseydə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İSTƏK liseyinin direktoru Samir Şəmiyev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.