ABŞ Şimali Koreya ilə bağlı yeganə şərtini açıqladı
"KXDR-lə razılaşma hazırlanma prosesindədir. Həyata keçəcəyi təqdirdə, razılaşma bütün dünya üçün vacibdir".
APA TV-nin xəbərinə görə, bu barədə özünün “Twitter” səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.
Rəsmi Pxenyan bir daha Şimali Koreya lideri Kim Çen Inın nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib. Hökumətin yaydığı rəsmi açıqlamada deyilir: "Kim Çen In Şimali Koreyanın bundan sonra nüvə və ya ballistik raket sınaqlarını dayandırmağı vəd edib. Bundan əlavə, ölkəmiz ABŞ və Cənubi Koreya arasındakı hərbi təlimlərin davam etməli olduğu qənaətindədir".
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri ilə görüşün may ayınadək keçirilməsinə razılıq verdiyi açıqlanıb.
Ağ Evin sözçüsü Sara Sanders isə ABŞ və Şimali Koreya liderləri arasında görüş keçirilməsi ehtimalını dəyərləndirərkən bunun yalnız rəsmi Pxenyanın vədlərinə əməl edəcəyi halda gerçəkləşəcəyini bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Donald Trampla Kim Çen In arasında mayın sonunadək görüş keçiriləcəyi barədə xəbər yayılıb.
Qeyd edək ki, Cənubi və Şimali Koreya arasındakı münasibətlərdə normallaşma Kim Çen Inın Cənubi Koreyada keçirilən Qış Olimpiadasına nümayəndə heyəti göndərəcəyini açıqlaması ilə başlayıb. Olimpiya oyunları zamanı hər iki Koreyanın idmançıları meydana vahid bayraqla çıxıblar. Bundan bir qədər sonra isə Şimal və Cənubun nümayəndələri arasında görüş keçirilib.