Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçildi

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

 

APA TV-nin xəbərinə görə, qurultay Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunun oxunuşu ilə başlayıb.  

 

Təbrik məktubunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib: “Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini nizamlayan mükəmməl qanunvericilik bazası formalaşdırılıb, redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, mətbuat-hakimiyyət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulub".

 

"Azərbaycan dövlətini heç kim heç zaman məğlub edə bilməz" - deyən Prezidentin köməkçisi qeyd edib ki, heç kəs Azərbaycan dövlətini aşağılaya, dövlətimizi milli prinsiplərdən, ideyalardan çəkindirə bilməz. "Biz Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevlə, dövlətimizin təhlükəsizliyini təmin edən milli ordumuzla, Azərbaycanın jurnalistləri ilə güclüyük”, - deyə Ə.Həsənov vurğulayıb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat çıxışı zamanı deyib ki, son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub. O, Şura yaranmazdan əvvəl məhkəmələrdə jurnalistlərlə bağlı saysız-hesabsız işlərin olduğunu diqqətə çatdırıb: “Son 15 ildə bu problemlər həll olundu. Azərbaycan mediasına dövlət qayğısı mövcuddur. Düşünürəm ki, internet mediaya da dövlət dəstəyi göstərilməlidir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib, redaksiyaların maddi-texniki bazası möhkəmlənib. Növbəti dövrdə medianın reklam bazarının genişləndirilməsi hədəf olmalıdır”.

 

Mətbuat Şurasının sədri qeyd edib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır.

 

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı deyib ki, bu gün cəmiyyətdə ictimai rəyin formalaşmasında onlayn medianın xüsusi rolu var. Onun sözlərinə görə, dünyada baş verən qlobal iqtisadi böhran nəticəsində reklam bazarında ciddi eniş hiss olunur: “Biz onlayn media nümayəndələri Azərbaycanın həm də virtual sərhədlərini qoruyuruq. İndi artıq ölkələr həm real, həm də virtual cəmiyyətlərdən ibarətdir. Virtual cəmiyyətin əsgərləri, qoruyucuları bizik. Buna görə də onlayn medianın infrastrukturunun, texniki dəstəyimizin çox güclü olmasına ehtiyac var. Bu isə çox böyük vəsait tələb edir. Ona görə də Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənovun burda olmasından istifadə edərək, Mətbuat Şurasının sədri Əflatun Amaşovun onlayn mediaya dövlət dəstəyinin verilməsi təklifini dəstəkləyirəm. Onlayn medianın ciddi dövlət dəstəyinə ehtiyacı var. Azərbaycan dövlətinin müstəqil mediaya dəstək göstərmək kimi bir borcu və öhdəliyi yoxdur. Əlbəttə, bu bizim xahişimizdir”.

 

"Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı deyib ki, reket jurnalistlərə qarşı mübarizə daha da sərtləşdirilməlidir.

 

Bakı Dövlət Universitetinin (BDU) professor Cahangir Məmmədli bildirib ki, xarici ölkələrdə müəyyən dairələrin sifarişlərini yerinə yetirərək Azərbaycana qara yaxanlara qarşı Azərbaycan jurnalistlərinin vətəndaşlıq mövqeyi göstərərək cavab verməsi vacibdir.

 

Çıxışlardan sonra Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyəti üzvlərinin sayı 17-dən 23-ə çatıb. Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşıb.

 

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib. Bununla da qurultay öz işini başa çatdırıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı