Əli Həsənov: "Məni təhdid edirlər"
“Kimlərinsə öz ailəsinə rəva görmədiyini cəmiyyətə yayması yolverilməzdir. Siz jurnalistlər bunları yayanlara qarşı cəbhə açmalısınız”.
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayındakı yekun çıxışında Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
O qeyd edib ki, Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələri Azərbaycanda uğurla inkişaf etdirilir: “Bu gün burada səsvermə keçirildi, özünüz hər şeyi gördünüz. Kimin nə deməsindən asılı olmayaraq, bu gün Azərbaycan mediasından kənara atılmış müəyyən nümayəndələr bu qurultay haqqında da, burada seçiləcək yeni heyət haqqında da, sizin jurnalist fəaliyyətiniz haqqında da mənfi rəy formalaşdırmağa çalışacaqlar. Bundan qorxmayın, buna qeyri-adi hal kimi baxmayın. Nə qədər ki, cəmiyyət var, insanlıq var, həyat var, opponentlər də olacaq. Sadəcə olaraq onlara opponent kimi baxın, çalışın onların sizə hansı formada öz fikirlərini, nifrətlərini ifadə etməsindən asılı olmayaraq, siz öz xarakterinizdən çıxış edərək Azərbaycan xalqına, jurnalistinə uyğun bir formada cavab verin və öz haqqınızı qoruyun. Kənar təsirlərə məruz qalmayın”.
Prezidentin köməkçisi qeyd edib ki, bəzi şəxslər ölkədən qaçıb Azərbaycanın simvollarını təhqir edirlər: “Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırılırlar. Azərbaycan mətbuatı isə susur, buna jurnalistlər xüsusi diqqət etməlidir. Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. “Facebook”un imkanlarından istifadə edərək, çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.
Ə.Həsənov bildirib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: “Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb, insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.
Prezidentin köməkçisi vurğulayıb ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının adları bundan sonra da mənzil alan jurnalistlərin siyahısına daxil edilməyəcək.