Türk iş adamına məxsus şəxsi təyyarə İranda qəzaya uğradı - 11 ÖLÜ
İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb. APA TV-nin verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan "Bombardier Challenger" tipli təyyarə Tehranın cənubunda, Şəhrikürd şəhəri yaxınlığında qəzaya uğrayıb.
Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədə, 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfərin olduğu və qəzada onların hamısının həyatını itirdiyi bildirilir.
Hadisə yerinə İranın Fövqəladə Hallar Nazirliyinin xilasedicilər qrupu göndərilib və orada 11 nəfərin yanmış meyiti aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə bir neçə xüsusi briqada, həmçinin alpinist və yanğınsöndürənlər cəlb olunub. Təyyarənin qalıqları dəniz səviyyəsindən təqribən 400-500 metr yüksəklikdə bir uçurumun kənarında aşkarlanıb.
Məlumata görə, özəl təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsus imiş. Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib. Təyyarənin göyərtəsində olan şəxslər arasında "Başaran Holding"in rəhbəri Hüseyn Başaranın qızı 28 yaşlı Minə və onun 7 rəfiqəsi olub.
Türkiyənin "Başaran Holding"inə məxsus təyyarənin qəzaya uğramasının səbəbi mühərrikin alışması olub. Bu barədə İran FHN-in nümayəndəsi Moctabu Xalidi bildirib. Onun sözlərinə görə, təyyarə mühərrikin alışması səbəbindən qəzaya uğrayıb. Yerli sakinlər də təyyarənin düşməsinin, alovlanaraq yerə çırpılmasının şahidi olub.
İranın Mülki Aviasiya Təşkilatı insidenti araşdırır.