Bakıda Kompüterləşdirilmiş Tranzit Sistemi təqdim olunacaq

Bakıda “Dövlət Gömrük Komitəsinin (DGK) ümumi tranzit proseduru və mallara ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulmağa hazırlıq prosesində dəstək” adlı milli seminar keçirilir.

  

Seminarın açılışında çıxış edən DGK sədri Aydın Əliyev Azərbaycanın ümumi tranzit proseduru və mallara ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olması, eləcə də Avropa yeni kompüterləşdirilmiş tranzit sisteminə qoşulmağa hazırlıq prosesindən geniş danışıb. Komitə sədri bu konvensiyaya qoşulmanın ölkəmiz üçün əhəmiyyətini qeyd edib: "Ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci fazasının bu il istifadəyə verilməsi ölkənin tranzit potensialının inkişafında böyük rol oynayacaq. Keçirilən seminar və konvensiya ölkənin inkişaf edən tranzit imkanlarının səmərəliliyini artıracaq".

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, ölkənin logistika mərkəzinə çevrilməsi istiqamətində dəmir yolu sahəsində bir sıra işlər görülür: "Bakı-Tbilisi-Qars  dəmir yolunun fəaliyyəti, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı görülən işlər, Bakı-Böyük Kəsik dəmir yolunun 600 kilometrlik hissəsinin təmiri görülən işlər sırasına daxildir. Həmçinin görülən işlər ölkədə yükdaşımanın həcminin artmasında da özünü göstərir".

 

İki gün davam edəcək seminarda Ümumi Tranzit Proseduru, Tranzit prosedurunun həyata keçirilməsi, prosedura dair elektron sistem, prosedur sahibinin öhdəlikləri, zəmanət təmin etmək öhdəliyi, zəmanətin formaları və istisnalar, zəmanətin növləri və zəmanətdən azadolma, istinad məbləğinin azaldılması, zəmanət öhdəliyinin forması və tranzit prosedurunda sadələşdirmələr sahəsində mövzular da müzakirə olunacaq, yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin təqdimatı baş tutacaq.

Müəllif | Apa.Tv
Apa.tv