Yanukoviç müxalifətin təklifləri ilə razılaşdı

Ukrayna prezidenti Viktor Yanukoviç Müstəqillik Meydanında kütləvi aksiya keçirənlərə qarşı güc tətbiqinə moratorium qoyulması haqda təklifləri müsbət cavablandırıb. Yanukoviç Kiyevdə müxalifət liderlərinin iştirakı ilə keçirilən dəyirmi masada güc tətbiqinə moratorium barədə təkliflərin səsləndiyini və bu istiqamətdə heç bir hərəkətin olmayacağını bildirib. APA TV-nin xəbərinə görə, Ukrayna prezidenti bildirib ki, Avropa Birliyi ilə assosiasiya sazişini hazırkı məzmunda imzalamaq mümkün deyil. Onun sözlərinə görə, sənədin mənfi tərəfləri müsbət tərəflərindən çoxdur.

 

Daha sonra dəyirmi masada müxalifət liderləri çıxış ediblər. UDAR lideri Vitali Kliçko etirazların güc yolu ilə yatırılması planlarının mənfi nəticələri barədə şəxsən Yanukoviçə xəbərdarlıq edib. O, etiraz aksiyalarına qatılanların tələblərini səsləndirərək saxlanılanların buraxılmasını, insanlara qarşı güc tətbiq edənlərin cəzalandırılmasını və ölkəni böhrana sürükləmiş hökumətin istefa verməsini tələb edib.

 

“Svoboda” Partiyasının lideri Oleq Tyqnibok isə müxalifət liderlərinə qarşı cinayət işi qaldırılması planlarından danışıb. O, əvvəlcə hökumətin istefaya göndərilməsini, daha sonra yeni seçkilər, yeni Mərkəzi Seçki Komissiyası və teleradio yayımları üzrə yeni mili şura yaradılması barədə müzakirələr aparılmasını istəyib.

 

“Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk isə insanların döyülməsi haqda əmr verənlərin və icraçıların cəzalandırılması və bütün saxlanılanların buraxılmasından sonra hakimiyyətlə dialoqa başlamağın mümkün ola biləcəyini söyləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv